İsa Qasımov:
“Texnoparkların inkişaf etdirilməsində universitetlərin rolunu ön plana çəkmək lazımdır”
Müsahibimiz Qafqaz Universiteti Texnoparkının direktoru dr.
İsa Qasımovdur. O, bizimlə söhbətində universitetdə fəaliyyət göstərən texnoparkların fəaliyyət prinsipləri və səmərəliliyindən danışdı.
-İsa müəllim, öncə sizin direktoru olduğunuz texnopark barəsində fikirlərinizi bildirərdiniz.
- Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə
fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda
yeniliyə imza atdı. Bu məqsədlə iki dəfə Türkiyəyə qrup halında işgüzar
səfər edilib ki, bu zaman ODTU, İstanbul Universiteti, Yıldız Texnik
Universiteti, Boğaziçi Universiteti, Kocaeli Universiteti, Hacıtepe
Universiteti, Bilkent Universiteti, Düzce Universiteti kimi güclü
universitetlərin texnoparklarında geniş tərkibli müşahidələr aparılıb.
09-10 May 2013-cü il tarixlərində Düzcə Universitetində keçirilən
“Universitet - Sənaye əməkdaşlığının cəmiyyətə faydaları” ÜSIMP 2013 VI
ulusal konqresində iştirak edərək təcrübə mübadiləsi aparılıb. Qafqaz
Universitetinin texnoparkı formalaşdırılarkən Türkiyə ilə yanaşı, İsveç,
Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən
də istifadə edilib. Lakin qeyd etməliyik ki, texnoparkımız əsasən
ODTU-nin texnopark təcrübəsinə daha çox əhəmiyyət verir. 2013-cü ilin
yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən
Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı.
- Ümumiyyətlə, texnoparkları necə xarakterizə edərdiniz?
- Texnoparklar bir və ya bir-neçə universitet, həmçinin elmi-tədqiqat
mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olub,
tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan
şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur.
Texnoparkda fəaliyyət göstərən şirkətlərə, universitet innovativ elmi
nəticələrinin transfer edilməsi və işin idarə olunması sahələrində
dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və
müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Belə
desək, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq, onun
tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu
(şirkətlərlə ortaq fəaliyyəttlər və s.) innovativ fəaliyyərləri təmin
edən məkandır. Başqa sözlə, texnoparklar insan kapitalı sürətli inkişaf
etdirən quruluşlar olub, yüksək texnologiyaları istehsal edən
quruluşlardır. Bu isə universitetlərin tərkibində daha aktiv olacaqdır.
Qeyd edim ki, texnoparklar əsasən, inkubasiya mərkəzi, texnoloji
əməkdaşlıq ofisi, texnoloji transfer ofisi, universitet-sənaye
əməkdaşlığından ibarətdir. Texnoparklarla bağlı yüksək texnologiyalar
istehsalının dörd təməl tərəfi var: araşdırmaçı bacarıqları və həvəsi
olan insan gücü, yetərli məlumat bazası, yetərli maliyyə dəstəyi,
proqramlı bir şəkildə elmi tədqiqatların aparılması.
Texnoparkın hədəfləri isə müxtəlif standartlarla izah edilə bilər. Dünya
standartlarına görə texnoparkın hədəfləri aşağıdakılardır:
universitetlərin təhsil, tədris və araşdırma fəaliyyətlərini
dəstəkləyərək daha səmərəli nəticələr əldə etmək, sənayenin rəqabət
gücünü artırmaq, yüksək texnologiyalara əsaslanan regional və iqtisadi
inkişafı sürətləndirmək.
Bundan başqa deyə bilərəm ki, texnoparkların qurulmasının əsas məqsədi
aşağıdakılardır: Yüksək texnologiyalara əsaslanaraq inkişaf etdirilən
sənaye sahələrinin gücləndirilməsi, yeni bölgələrdə sənayenin
inkişafının dəstəklənməsi, innovativ fəaliyyətlərin həyata keçirilməsi,
təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri
ilə səmərəliliyin artırılması, beynəlxalq arenada rəqabət gücünün
yüksəldilməsi.
Onu da vacib qeyd etmək lazımdır ki, universitet-texnopark vəhdəti təmin
olunmalıdır. Bu, aşağıdakı kriteriyalarla ölçülə bilər:
universitet-texnopark vəhdətində formalaşan ekosistem İnkubasiya
mərkəzlərində yeni ideyaların inkişafına zəmin verəcək.
Universitet-texnopark vəhdətində formalaşan ekosistem innovativ
yanaşmanın- StartUp-ların inkişafı təmin ediləcək. Tələbələrin (magistr
və ya doktorant) əmək bazarının, eləcə də sosial-iqtisadi-ictimai-siyasi
inkişafın tələblərinə uyğun hazırlanacaq. Layihə çalışmalarında rol
alan tələbə qruplarına, eləcə də texnoparkda fəaliyyət göstərən
şirkətlərə mütəxəssis dəstəyi verən professor-müəllim heyətinin
yeni-yüksək texnologiyaların tələbələrinə uyğun inkişafı təmin olunacaq.
- Universitetlərimizdə texnoparkların fəaliyyəti yenidir. Bu məsələdə nələr çatışmır?
-Bu sahə Azərbaycanda yenidir. Ona görə də ilk növbədə, beynəlxaq
təcrübə öyrənilməlidir. Bununla bərabər, aşağıdakıların nəzərə alınması
vacibdir: Universitetlər bu prosesə hazır olmalıdırlar.
Universitet-sənaye əməkdaşlığının aktuallığı inkişaf etdirilməlidir.
Texnoparkların inkişaf etdirilməsi üçün əlverişli mühit
formalaşdırılmalıdır. Şirkətlərin texnoparklarda fəaliyyətinə zəmin
verən təşviqedici qanunvericilik təmin edilməlidir. Yəni texnoparkda
fəaliyyət göstərən şirkətlərə buradakı fəaliyyətinə görə vergi, gömrük
və s. kimi güzəştlər təmin edilməlidir. Həmçinin inkişafı təmin edən
elmi tədqiqat işlərinə xüsusi əhəmiyyət verilməlidir. İnkişafı təmin
edən elmi-tədqiqat işləri ortaya qoya bilən şəxs və ya qruplara dövlət
dəstəyi ciddi şəkildə artırılmalıdır. Texnoparkların universitetlərin
tərkibində inkişafı təmin edilməlidir. Universitet-sənaye əməkdaşlığını
təmin edən ekosistem formalaşdırılmalıdır.
- Son zamanlarda universitetlərdə texnoparkların yaradılması işinə
dövlət xüsusi diqqət yetirir. Bu sahədə görülən işləri necə
dəyərləndirərdiniz və bu məsələdə hansı təklifləriniz var?
- Dövlətin bu istiqamətdəki yanaşması təqdirəlayiqdir. Əslində bu proses
cənab Prezident İlham Əliyevin “Neft kapitalı insan kapitalına
çevrilməlidir” və ya “Qeyri-neft sektoru inkişaf etdirilməlidir” deyə
qoyduğu hədəfləri təmin etmək üçün ən vacib addımlardan sayılmalıdır.
Təkliflərimi yuxarıda qeyd etdim. Amma təklif olaraq vurğulamaq
istədiyim önəmli məqam odur ki, texnoparkların inkişaf etdirilməsində
universitetlərin rolunu ön plana çəkmək lazımdır. Çünki texnoparkların
fəaliyyətində yüksək texnologiyalar istehsalının dörd təməl tərəfi var:
araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü, yetərli məlumat
bazası, yetərli maliyyə dəstəyi, proqramlı bir şəkildə
elmi-tədqiqatların aparılması.
Qeyd olunan 4 əsas məqamın 3-ü universitetlərdə formalaşır.
Universitet-texnopark vəhdətində isə bu daha səmərəli nəticələri ilə
dövlətin və ya cəmiyyətin inkişafına səbəb olacaq.
- Sizcə, universitetlər bu məsələdə təcrübə mübadiləsində nəyə diqqət yetirməlidirlər?
- Bu sahədə uğur qazanmış ölkələrin təcrübəsi öyrənilməli və tətbiq
olunmalıdır. Məsələn, ABŞ, Türkiyə, RF, İsveç və s. kimi ölkələrin
təcrübəsi öyrənilməlidir. Ciddi hədəflər qoyulmalı və prosesin
monitorinqi təmin edilməlidir.
Nəzərə almalıyıq ki, dünyada ən çox valyuta tutumlu sahə elmdir. Elmin
inkişafını ehtiyacların təmin edilməsi istiqamətində qurmalıyıq. Bu
proses universitet-texnopark vəhdətində səmərəli nəticələr verəcək. Çox
pul sərf olunan bu sahə ölkənin ümumi inkişafında ciddi rol oyanamaqla
yanaşı, sərf etdiyindən çox valyuta qazanmasına səbəb olacaq. Bunu ABŞ
təcrübəsində aydın görmək olar.
- Təhsil sistemində bu məsələ ilə bağlı hansı dəyişikliklərə ehtiyac var?
- Təhsil sistemində aparılan işlər konkret olaraq dövlətin, cəmiyyətin,
iş dünyasının ehtiyaclarının təmin olunmasına (problemlərinin həllinə)
yönəlməlidir və bu iş birtərəfli deyil,
universitet-dövlət-cəmiyyət-sənaye əməkdaşlığı müstəvisində
qurulmalıdır.
- Texnoparklarda hansı istiqamətlər üzrə tədqiqatlar və fəaliyyət aparılmalıdır?
- Burada texnoparkların hədəf və məqsədlərini qeyd etdim. Bunların
əsasında da fəaliyyət və tədqiqatlar aparılmalıdır. Qeyd olunanlar
əsasında ölkənin maraqlarını əks etdirən tədqiqatlar təmin edilməlidir.
İlkin AĞAYEV
Hiç yorum yok:
Yorum Gönder