31 Ekim 2013 Perşembe

Yeni fikirlər yeni işlərə çevriləcək

On aydır ki, Qafqaz Universitetində texnopark fəaliyyət göstərir. 

Bu müddət ərzində texnoparkın gördüyü işlər haqqında məlumat əldə etmək üçün “QUTechnopark”ın (Qafqaz Universitetinin Texnoparkı) müdiri İsa Qasımovla görüşdük. İlk olaraq universitet tərkibində texnoparkın təsis edilməsinə münasibət  bildirən İ. Qasımov Qafqaz Universitetinin bu addımını dünyanın bir çox nüfuzlu universitetləri kimi tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulmasına və inkişafına təşəbbüs  kimi xarakterizə etdi. O bildirdi ki, dünyanın ən qabaqcıl sənaye markaları texnoparkları inkişaf etmiş ölkələrin adı ilə bağlıdır. Çünki texnoparkları inkişaf etmiş ölkələr texnologiyanın sürətli inkişafı ilə ayaqlaşa bilirlər. Bütün bunları nəzərə alaraq Azərbaycanda da sənayenin inkişafına dəstək olmaq məqsədilə 2013-cü ilin yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə “QUTechnopark” təsis edildi. İ. Qasımov: “Texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu, innovativ fəaliyyətləri təmin edən məkandır”,-dedi. Onun sözlərinə görə texnoparklar vasitəsilə universitetlər şirkətlərə innovativ elmi nəticələrinin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək vermək imkanı əldə edir. Dünyanın texnoparkların işi ilə bağlı qazandığı təcrübəyə toxunan həmsöhbətimiz: “Dünya təcrübəsində texnoparkların inkişafına nail olmaq üçün elmi tədqiqatların innovativ yanaşmalarla həyata keçirilməsi çox əhəmiyyətlidir”,-dedi.

 “QUTechnopark” Azərbaycanda sənaye sahələrinin gücləndirilməsinə stimul verəcək”
İ. Qasımov rəhbərlik etdiyi mərkəzin İnkubasiya Mərkəzi, texnoloji əməkdaşlıq, universitet-sənaye əməkdaşlığı, texnoloji transfer ofislərindən ibarət olduğunu bildirdi. Onun sözlərinə görə “QUTechnopark” Azərbaycanda yüksək texnologiyalara əsaslanaraq inkişaf etdirilən sənayə sahələrinin gücləndirilməsi, yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi, innovativ fəaliyyətlərin həyata keçirilməsi, təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri ilə səmərələliyin artırılması, beynəlxalq arenada rəqabət gücünün yüksəldilməsinə  stimul verəcək. İ. Qasımov “QUTechnopark” formalaşdırılarkən Türkiyə, İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən istifadə olunduğunu dedi.  Rəhbərlik etdiyi mərkəzin işinin səmərli təşkil edilməsi üçün dünya təcrübəsindən maksimum yararlanmağa çalışdıqlarını dilə gətirən müdir: “İki dəfə Türkiyəyə qrup halında işgüzar səfər etmişik. ODTU, İstanbul Universiteti, Yıldız Texnik Universiteti, Boğaziçi Universiteti, Kocaeli Universiteti, Hacettepe Universiteti, Bilkent Universiteti, Düzce Universiteti kimi nüfuzlu universitetlərin texnoparklarında geniş tərkibli müşahidələr aparmışıq”-dedi. İsa Qasımov həmçinin bildirdi ki, 9-10 May 2013-cü il tarixlərində Düzcə Universitetində keçirilən “Universitet - Sənaye əməkdaşlığının cəmiyyətə faydaları” adlı VI beynəlxalq konfransda Qafqaz Universiteti də iştirak edib və onlarla təcrübə mübadiləsi aparıb.

Universitet-texnopark vəhdəti
Bizimlə söhbət zamanı universitet-texnopark vəhdətinin təmin olunmasının vacib olduğunu qeyd edən İsa bəy: “Universitet-texnopark vəhdətində formalaşan ekosistem İnkubasiya Mərkəzlərində yeni ideyaların formalaşmasını və inkişafını sürətləndirəcək”,-dedi. “QUTechnopark”ın müdiri layihə çalışmalarında rol alan tələbə qruplarının, texnoparkda fəaliyyət göstərən şirkətlərə mütəxəssis dəstəyi verən professor-müəllim heyətinin yeni texnologiyaların tələblərinə uyğun inkişafını təmin edəcəyini ifadə etdi. “QUTechnoprak” qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə “Yeni Fikir Müsabiqəsi”dir (YFM). YFM haqqında məlumat verən İsa Qasımov bildirdi ki, YFM “QUTechnopark”ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə “QUTechnopark” ölkədə sahibkarlığın inkişafına dəstək verir. Gənclər təşəbbüskar olmağa təşviq edilir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. Onun sözlərinə görə YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. Belə ki, “QUTechnopark”ın İnkubasiya Mərkəzində YFM iştirakçılarına yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin yolları haqqında təlim və seminarlar verilir. Bundan başqa YFM  layihəsinin qalib komandaları iş idealarını şirkətləşdirmələri üçün universitet daxilində bir il pulsuz ofislə də təmin olunur. Qalib qrupların Türkiyədə texnopark təcrübəsi keçməsi üçün də hər cür şərait var. YFM-i keçirməkdəki məqsədləri haqqında da məlumat verən həmsöhbətimiz hədəflərinin  Azərbaycanın, onun timsalında regionun inkişafına təkan verə biləcək, beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, fikirlərini pula çevirə biləcək vətəndaşların hazırlanması və onların fəaliyyətinin şirkətləşməsi üçün zəmin hazırlamaq olduğunu dilə gətirdi. İsa Qasımov qeyd etdi ki, Qafqaz Universitetinin tələbələri ilə yanaşı Azərbaycan Respublikasında yaşayan bütün gənclər müsabiqədə iştirak edə bilərlər.
Texnopark müdiri bizimlə söhbət əsnasında rəhbərlik etdiyi mərkəzin digər bir layihəsi olan “Təşəbbüskarlıq seminarları” haqqında da danışdı. Ondan öyrəndik ki, həyata keçirilən proqramlar universitet-sənaye əməkdaşlığının inkişafına təkan verir. Bundan başqa “Təşəbbüskarlıq seminarları”nda təşəbbüskar gənclərin iş dünyasının təcrübəli şəxsiyyətləri ilə fikir mübadiləsi aparmalarına imkan verilir ki, bu da gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir.
İsa Qasımov sonda qeyd etdi ki, istər dövlət, istərsə də özəl sektorla sıx əməkdaşlıqda maraqlıdırlar. Onun sözlərinə görə “QUTechnopark”da fəaliyyət göstərmək üçün 16 şirkət müraciət edib. Onların ikisi Türkiyə, digərləri isə yerli şirkətlərdir. Hal-hazırda isə “SENTRA MMC”, “Azer.Net MMC”, “MONtech MMC” şirkətləri ilə müqavilə bağlanıb və həmin şirkətlərə “QUTecnopark”da ofis verilib. 


http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=52544

Qafqaz Universiteti: “QUTechnoparkı” sahibkarlığın inkişafına dəstək verir

Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən Qafqaz Universitetinin “QUTechnoparkı” “Təşəbbüskarlıq” seminarlarını davam etdirməkdədir.
 Bu silsiləsindən “Motivasiya: uğur üçün önəmli başlanğıc” mövzusunda seminarı “Okçu HOMES LDT”nin Azərbaycandakı səlahiyyətli nümayəndəsi, dünyanın müxtəlif ölkələrindən iş təcrübəsi olan İlyaz Ayaydın təqdim etmışdir.
Tələbə, magistr və məzunların, eləcə də  iş adamlarının iştirak etdiyi seminarda  müxtəlif  sahələrdə şöhrət qazanmış insanların həyatında baş vermiş unikal hadisələrdən  bəhs edilmiş, qarşıya qoyulan məqsədə çatmaq üçün qərarların əhəmiyyəti və yeri haqqında mülahizə və fikirlər xüsusi marağa səbəb olmuşdur.
Xatırladaq ki, “Təşəbbüskarlıq” seminarları sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskarlıq faktlarını dəyərləndirmək və inkişaf etdirməkdir.
 Həftədə bir dəfə təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq meyllərinin inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda hər kəs iştirak edə bilər.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

30 Ekim 2013 Çarşamba

Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzi öz yeni üzvləri ilə görüşdü

Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzi öz yeni üzvləri ilə görüşdü
Qafqaz Universitetinin Sahibkarlığın İnkişafı və Tədqiqatı mərkəzi qırxdan çox yeni üzvü ilə bu smestr ilkin görüş keçirdi. Müraciət etmiş və müsahibədən müvəffəqiyyətlə keçmiş tələbələr mərkəzin Qafqaz Biznes Forum adlanan tələbə qolunun üzvləri oldular. İlkin görüşə universitetdən mərkəzə üzv olan müəllim və tədqiqatçılarla yanaşı Qaqaz Biznes Forumunun köhnə və həmçinin yeni üzvləri də qatıldılar.Tədbir Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzinin direktoru Adiljan Abdurazzak tərəfindən açıq elan edildi və həmçinin o əvvəlki ildə üzvlər tərəfindən qazanılmış uğurlar barədə məlumat verib mərkəzin gələcəkdəki planlarından danışdı. Çıxışda keçən ildə mərkəzin tələbə üzvlərinin uğurla başlatdığı və icra  etdiyi dörd biznes və sosyal əhəmiyyətli layihələr və həmin layihələrin tələbələrə qazandırdığı sahibkarlıq bacarıqlarının əhəmiyyəti vurğulandı. Sahibkarlığın İnkişafı və Tədqiqatı mərkəzinin tələbə üzvlərindən ibarət Qafqaz Enactus Komandası Azərbaycan daxilində 13 universitetin komandaları arasında birinci yerə layiq görülərək Azərbaycanı Meksikada keçirilən dünya çempionatında təmsil etdi. Tələbə üzvlər sosyal və ekoloji əhəmiyyətli layihələrini müvəffəqiyyətlə Azərbaycanda həyata keçirdilər və onlar biznes aləmindən fərqli şirkətlər və sahibkarlarla işləyərək həmin şirkətlərin marketing və inkişaf strategiyasını təkmilləşdirmək üçün çalışdılar. Bu gün SİTM üzvlərindən beş nəfər Avropa universitetlərində təhsillərini davam etdirirlər. Həmçinin keçən il beş üzv tələbə qabaqcıl beynəlxalq şirkət və təşkilatlar tərəfindən iş təklifi almışdı. Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzinin müəllim və tədqiqatçı üzvləri Füzuli Əliyev, Xatirə Yusifova və Etibar Hüseynli də mərkəzin gələcəyi barədə üzv tələbələrə öz düşüncə və tövsiyyələrini bildirdilər. İlkin görüş mərasimi köhnə və yeni üzvlərin bir birini tanıması üçün təşkil edilən sosyal fəaliyyətlə yekunlaşdı.